
Azərbaycanda sahibkarlar üçün onlayn satış portalı istifadəyə verilib
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Yeni hazırlanmış portal elektron ticarət konsepsiyası əsasında onlayn-mağaza kimi fəaliyyət göstərir, əsasən mikro və kiçik biznesin inkişafına dəstək olmaq, Promall-da qeydiyyatda olan subyektlərin məhsul və xidmətlərinin vahid platforma üzərindən onlayn satışının həyata keçirilməsinə və geniş kütləyə tanıdılmasına dəstək məqsədilə hazırlanıb.
Sahibkarlar elektron ticarət portalına qoşulmaqla satış imkanlarını genişləndirə bilərlər. Portalda istifadəçilər üçün müxtəlif ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı yaradılıb. Qeydiyyat prosesi sadə olmaqla yanaşı, hər kəs öz mağazasını özü idarə edə bilər və portalda hər bir onlayn mağaza üzrə satışa, mağazadakı məhsullar üzrə qalıqların idarə olunmasına, müştərilərin təhlilinə və satışa dair digər zəruri məlumatları hesabat şəklində sahibkara təqdim edəcək müxtəlif alətlər mövcuddur.
www.promall.az sahibkarların onlayn satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, Kiçik və Orta Biznesin və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına, müştərilərin daha sürətlə məhsullara əl çatmasını təmin etmək məqsədi ilə, dəstək göstərilməsini hədəfləyir.
www.promall.az portalında onlayn mağaza açmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri portalda qeydiyyatdan keçməlidir. Sahibkarlıq subyektlərinin www.promall.az portalı ilə bağlı hər hansı sualları yaranarsa portal üzrərindən onlayn müraciət edə bilərlər.